Güney Azərbaycanın siyasi təşkilatlarının insan haqlarının tapdalanması və İran rejiminin Güney Azərbaycanda milli fəallara qarşı qeyri-insani hərəkətləri ilə bağlı bəyanatı.
Güney Azərbaycanda Milli Fəallara Qarşı İran Rejiminin İnsan Haqları Pozuntuları və Qeyri-İnsani Müdaxilələrini Qınayırıq
İran rejiminin Güney Azərbaycanlı Türk milli fəallara qarşı törətdiyi insan haqları pozuntuları və qeyri-insani müdaxilələrə dair ciddi narahatlıqlar artmaqdadır. Gün keçmir ki, İran rejimi və onun mərkəzçi düşüncə daşıyan qulluqçuları, öz düşmənliklərini qeyri-fars millətlərə, xüsusilə də Güney Azərbaycan Türklərinə qarşı gizlətməyərək yeni cinayətlər törətməsinlər. Rejimin hər gün bir milli fəalı tutuqlaması, qeyri-insani şəraitdə saxlanılması, İran ərazisindəki müxaliflərin səsini basdırmaq cəhdləri davam etməkdədir.
Biz, Güney Azərbaycan milli hərəkatına mənsub olan və 5 aydan çoxdur naməlum vəziyyətdə, qondarma ittihamlarla tutulan milli fəallarımızın dərhal və şərtsiz azad edilməsini tələb edirik. Bu fəallar, öz milli və insan haqlarını müdafiə etmək yolunda 40 günü aşqın aclıq aksiyası ilə etiraz edir və bu, onların məhkum edildiyi qeyri-insani şəraitə dair ciddi qayğıları daha da artırır.
Əgər bu məhbuslar o cümlədən cənab Əzimi Qədim, Tahir Nəqəvi, Kərim İsmayılzadə, Mürtaza Pərvin, Vədud Əsədi, Salar Tahirəfşar və… azad edilməzsə, yaxud onlara ağır həbs cəzaları verilirsə, İran rejimi yalnız Güney Azərbaycan milli hərəkatının deyil, həmçinin bütün Güney Azərbaycan Türk millətinin ciddi etirazları ilə qarşı-qarşıya qalacaq. Biz, bu təhdidlərə və zorakılığa qarşı səsimizi yüksəltməyə və Güney Azərbaycanın iradəsinə dəstək verməyə davam edəcəyik. İran rejiminin irqçi və təcavüzkar siyasətləri qarşısında susmayacağıq və daim öz haqlarımız uğrunda mübarizəmizi sürdürəcəyik.
İran rejiminin Güney Azərbaycana qarşı törətdiyi zülmlərə son qoyması gərəkir. İran rejimi unudmamalıdır ki, Güney Azərbaycanın azadlıq, ədalət və milli hökumət uğrunda mübarizəsi dayandırıla bilməz və bu mübarizə nə qədər zorlu olsa da, qələbə ilə nəticələnəcəkdir.
Azadlıq, Ədalət, Milli Hökumət
Azərbaycan Mərkəz Partiyası – AMP
Azərbaycan Milli Dirəniş Təşkilatı – Dirəniş
Azərbaycan Öyrənci Hərəkəti – AZOH
Güney Azərbaycan Demokrat Partisi – GADP
30/07/2024