“Azərbaycan Siyasi Məhbuslarının Məhkəməsi Açıq Keçirilsin” Petisiyası
Şüarlarından biri “azadlıq” olan 1979-cu il inqilabından 45 il keçsə də, İnqilab Məhkəmələri hələ də qurulur. Yenə də hər il çoxlu sayda siyasi və ictimai fəal həbs edilir, mühakimə olunur və zahirən təhlükəsizlik ittihamı ilə həbs edilir, bəziləri hətta daha ağır ittihamlarla edam edilir.
İranın məhkəmə sistemi, üzdə, ümum xalq tərəfindən bu insanlara qarşı ittihamlar irəli sürür və onları açıq olmayan, qeyri-şəffaf və üstüörtülü bir şəkildə həbs və digər cəzalara məhkum edir.
İnsan Haqları Şurası kimi beynəlxalq insan haqları təşkilatları, Amnesty İnternational və Human Rights Watch kimi qeyri-hökumət hüquq müdafiə təşkilatları müxtəlif vəsilələrlə İranda siyasi məhbusların azadlığa buraxılmasına çağırıblar. Bununla belə, İran hökuməti İran həbsxanalarında siyasi məhbusların olmasını inkar edir və bu təşkilatların adları çəkilən şəxslərin siyasi məhbus deyil, təhlükəsizlik cinayətkarları olduğunu, ölkə və xalqa qarşı addımlar atdıqlarını iddia edir.
Bunun eynisini Pəhləvi rejimi də o dövrdə edirdi və hazırkı rejimin rəhbərləri və o dövrün digər siyasi məhbuslarını siyasi məhbus yox, təhlükəsizlik cinayətkarı və təxribatçı hesab edirdi.
İslam Respublikasının siyasi məhbusların mövcudluğunun inkar etməsi siyasətinə baxmayaraq, bu məhbusların fəaliyyəti, bəyanatları və yazıları onların ictimaiyyətin maraqları və ideyalarının hakim sistemlə zidd olduğu üçün həbs edildiyini aydın şəkildə göstərir.
Ötən aylarda və illərdə bir çox azərbaycanlı türk fəalı, saxta təhlükəsizlik ittihamları və onlara qarşı qaldırılan müxtəlif əsassız işlərlə nəzarətə alınaraq, həbs edilib və onların bir çoxu aylardır qeyri-müəyyən vəziyyətdə saxlanılır.
İranda məzlum millətlərin və dünya ictimai rəyinin nəzərinə çatıdırıq ki;
Biz bu petisiyanı imzalayanlar iki əsas səbəbə görə bu məhbusların və siyasi fəalların gizli məhkəmə prosesinin əleyhinəyik və tələb edirik ki, onların açıq məhkəməsi canlı olaraq televiziya kameraları qarşısında və həqiqi andlı iclasçılar heyəti, vəkillərin, hüquq müdafiə təşkilatlarının nümayəndələrinin, media mənsublarının iştirakı ilə keçirilsin.
Birincisi, nəzarətə alınan və məhbus olan siyasi fəallar millət adına və millətin hüquqlarını müdafiə etmək və ictimai maraqları müdafiə etmək məqsədi ilə çalışırlar, digər tərəfdən, hakimiyyət millətin nümayəndəsi olduğunu iddia edərk, bu insanları ictimaiyyətin maraqlarını qorumaq üçün bu insanları azadlıqdan məhrum etmək və həyatlarını məhv etmək haqqında malik olduğunu irəli sürür.
Beləliklə, hansı tərəfin həqiqətən də ictimaiyyətin mənafeyinə çalışdığı aydınlaşdırılmalı, məhkəmə prosesi və məzmunu ilə bağlı ictimai rəy məlumatlandırılmalı, son hakim isə xalq olmalıdır.
İkincisi, dünyada qəbul edilmiş hüquqi standartlara, o cümlədən İnsan Hüquqları Haqqında Ümumi Bəyannaməsinin 10-cu maddəsinə, Mülki və siyasi hüquqlar haqqında Beynəlxalq Paktın 14-cü maddəsinə və Beynəlxalq Cinayət Məhkəməsi Nizamnaməsinin 68-ci maddəsinə əsasən, hər kəsin işinə müstəqil və qərəzsiz məhkəmədə ədalətli və açıq şəkildə baxılması hüququna malikdir.
Hətta İran İslam Respublikasının Konstitusiyasında 165-ci maddəyə əsasən məhkəmə prosesləri açıq keçirilməlidir və Konstitusiyanın 168-ci maddəsində göstərilir ki, siyasi və mətbuat cinayətlərinin təhqiqatı açıq şəkildə və andlı iclasçı heyətinin iştirakı ilə aparılmalıdır.
Həmçinin, Siyasi Cinayət Qanununun 4-cü maddəsində siyasi cinayətlərə baxılma qaydası və andlı iclasçı heyəti ilə bağlı qaydalar 2013-cü ildə təsdiq edilmiş Cinayət Prosessual Qanununa uyğundur. Cinayət Prosessual Qanununun 352-ci maddəsində də məhkəmələrin açıq keçirilməsi təsbit olunub.
Beləliklə, İran İslam Respublikası rejimi həbs edilmiş ictimai və siyasi fəalları açıq şəkildə mühakimə etmədikcə, onlar üçün hər cür cəzanın verilməsi bu insanlara qarşı haqsızlıq olmaqla yanaşı, ictimai rəyi aldatmaq hesab edilir və heç bir legitimliyi yoxdur.
Nə siyasi cinayətlə bağlı verilmiş pis niyyətli tərif, nə də əsassız təhlükəsizlik ittihamları açıq və ədalətli məhkəmə araşdırması hüququnu poza bilməz. Azərbaycan Milli Hərəkatının mədəni və siyasi fəallarına, habelə məzlum millətlərin və İranın müxtəlif bölgələrinin siyasi məhbuslarının əksəriyyətinə qarşı irəli sürülən ittihamlar əsassızdır və hüquqi olaraq onların fəaliyyəti ilə heç bir əlaqəsi yoxdur.
Biz inanırıq ki, azadlıq onların haqqıdır və xeyir və ümum xalqın xeyrinə qarşı bu məsul insanların qeyd-şərtsiz azadlığını tələb edirik.
Madam ki, İran İslam Respublikası rejimi və xüsusən də məhkəmə sistemi bu şəxslərin cinayət törətdiyinə inanırsa, ictimaiyyət qarşısında mühakimə etməlidir ki, ictimaiyyət də öz hökmünü versin.
Şübhəsiz ki, məhkəmənin açıq keçirilməsi və müstəqil andlı iclasçılar heyətinin məhkəmələrdə hazır olması məhkəmənin ədalətli keçirilməsinə doğru bir addım olacaq. Başqa sözlə, vətəndaşlar məhkəmə iclaslarında iştirak etməklə proseslərin gedişinə, qanunlara riayət olunmasına, hakimlərin qərəzsizliyinə nəzarət edirlər və beləliklə, xalqın mühakimə qorxusu səbəbindən qanundan kənar hərəkətlər üçün qanundan sui-istifadə etmə ehtimalı da azalır.
Sonda bu məqamı da qeyd etmək yerinə düşər, baxmayaraq ki, bu petisiya və kampaniyada “Azərbaycan siyasi məhbuslarına açıq məhkəmə” tələb olunsa da, biz hesab edirik ki, hər düşüncəyə malik olan hər fərdin ədalətli və açıq məhkəmə hüququ var və biz İranda bütün siyasi müttəhimlər üçün açıq məhkəmə keçirilməsini tələb edirik.